Dollar kreditləri ilə bağlı prezident İlham Əliyevdən kömək istədilər

  Bölmə: Cəmiyyət | 12519 | 15:29 25-04-2016
ilham Əliyev 

Əlli nəfərə yaxın Lənkəran sakini dollar kreditləri ilə dolayı üzləşdikləri dözülməz vəziyyətlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ediblər.

İCXEBER.COM həmin müraciəti olduğu kimi təqdim edir:

“Möhtərəm Prezident!

Biz müraciət edənlər Azərbaycan Respublikası ərazisində ticarət, sahibkarlıq, bazar, mağaza, sənətkarlıq, dövlət idarəsi, özəl sektor və ya digər sahə üzrə çalışan vətəndaşlarıq. Qeyd edək ki, aramızda hal-hazırda kredit borcu olan işsiz vətəndaşlar da var. Biznesimizi artırmaq və ya məişət problemlərimizi həll etmək üçün son illər ərzində respublikamızın banklarından dollarla kredit götürmüşük. Çox təəssüf ki, yerli banklara manatla kredit götürmək müraciəti etsək də, bank tərəfindən götürdüyümüz dəyərdə məbləğin manatla deyil, yalnız dollarla veriləcəyi bildirilmiş və biz ölkəmizdə son12 il ərzində ABŞ dollarının sabit məzənnə üzərində qaldığına əmin olaraq öhdəliyin risksiz olduğunu düşünüb bankla razılaşmışıq. Müqavilələr bağlandıqdan sonra 21 fevral 2015-ci ildə Azərbaycan manatı ABŞ dolları qarşısında təqribən 30 faiz, ikinci dəfə isə 21 dekabr 2015-ci ildə kredit götürdüyümüz günə olan məzənnə müqayisəsində 100 faizdən artıq ucuzlaşmışdır. Hal-hazırda isə “üzən məzənnə” sistemi ilə ABŞ dollarının getdikcə bahalaşmasını müşahidə edirik.

Hörmətli Prezident!

Bizim iş yerlərimiz Azərbaycan Respublikası daxilində olduğundan və bütün gördüyümüz işlərdə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə uyğun olaraq milli valyutamızdan istifadə etdiyimizdən dollarla heç bir vəsait saxlamamışıq və ya alqı-satqı etməmişik. Buna baxmayaraq kredit borcları nəinki bizə, bizi kimi bir çox Azərbaycan vətəndaşlarına da xarici valyutada verilmişdir. ABŞ dollarının dəyərinin tez bir zamanda iki dəfə artması isə xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikamızdakı mövcud biznes mühitinin korlanmasına səbəb olmuşdur. Biz daha əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığımız vaxta ümid etdiyimiz aylıq gəlir və ya maaşlardan məhrum olmuşuq, bu üzdən də hal-hazırda ödəniş qabiliyyətimiz aşağı düşmüşdür.

Qeyd etdiyimiz kimi, iş fəaliyyəti tamamı ilə dayanan və işdən ixtisar olunanlar da sıralarımızda vardır. Beləliklə, həmin müqavilə bağlanarkən əsas götürdüyümüz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliyimizi yerinə yetirməyimizə ciddi zərbə vurmuşdur. Bütün bunlara baxmayaraq yerli banklar kredit öhdəliyinin yeni məzənnə ilə qaytarılmasını tələb edirlər. Sual olunur ki, indiki bazar və ya iş mühitində hansı qazanc və gəlirlərə görə bunu qaytara bilərik? Mərkəzi Bankın tapşırığı ilə olunan bank daxili güzəşt şərtləri isə heç bir işə yaramır. Yalnız əlavə faiz dərəcələrində cüzi nəzərə almalar və kredit vaxtını uzadılması təklif olunur ki, bu da sadə vətəndaşların uzun illər kredit ödəməsi hesabına başa gələcəkdir. Qeyd edək ki, ABŞ dollarının ilk bahalaşmasından üç ay sonra 2015 ci ilin may ayının 15-də Konstitusiya Məhkəməsinin manatın devalivasiyasından sonra kreditlərin hansı məzənnə ilə qaytarılması haqqında qərarı da heç bir şeyi yaxşılığa doğru dəyişməmişdir. Qərarda deyilir ki: “ Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədə müvafiq hesab edilsin”.  Yəni bu formada banklara verilən səlahiyyətlərin məhkəmə orqanlarında vətəndaşların banklar qarşısında aciz qalmasına, girov qoyulmuş mülklərinin əllərindən alınmasına rəvac verir. Belə ki, bu güzəşt şərtlərinin sadə xalqa vaxtı uzatmaqdan başqa heç bir yardımı olmamışdır və öhdəliklərimiz milli valyuta ifadəsində iki qat çoxalmışdır. Bu qərar verildiyi vaxtdan bir ilə yaxın zaman ötmüş və dollar yenidən bahalaşaraq “üzən məzənnə” sistemnə keçməsi ilə bizi daha da pis duruma salmışdır.

Cənab Prezident!

Biz bir qrup vətəndaşlar sizin düzgün və gələcəyə hesablanmış siyasətinizi həmişə bəyənərək dəstəkləmişik. Heç şübhəsiz ki, bütün Azərbaycan xalqı bizimlə bir fikirdədir. Belə anlaşılmaz, ağır durumlarda xalqın mənafeyinə uğurla verilən qərarlarınızın da dəfələrlə şahidi olmuşuq.

Bu fikirdə sizin ali müdrikliyinizdən doğan sözdür ki : “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm ”
Möhtərəm Prezident! Sizdən artıq dərəcədə xahiş edirik ki, dollarla olan kredit borcları üzrə vətəndaşların üzərinə düşən bu ağır yükün götürülməsinə köməklik edəsiniz”.

Qeyd edək ki, Lənkəran sakinlərinin müraciəti dövlət başçısı İlham Əliyevlə yanaşı, Milli Məclisin sədri Oktay Əsədova və  Mərkəzi Bankın sədri Elman Rüstəmova göndərilib. Martın 30-da göndərilən müraciətə hələlik heç bir cavab verilməyib.


Digər xəbərlər

0.17297911643982