Ortağının qətlini sifariş verən azərbaycanlı biznesmen necə tora düşdü… – FOTO

  Bölmə: Dünya | 10314 | 15:34 25-04-2016

Ötən həftə, aprelin 23-də Ukraynanın Zaparojets vilayətində azərbaycanlı biznesmenin səs-küylü qətli barədə məlumatlar yayılıb. Ukrayna polisinin yaydığı məlumatda deyilirdi ki, həmin gün Ukrayna ərazisində 20 ildən çoxdur yaşayan “qafqazlı biznesmenə” sui-qəsd edilib.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən Zaparojye ətrafında onun idarə etdiyi BMW X-5 avtomobili hücuma məruz qalıb, biznesmen evinə gedərkən naməlum şəxs avtomobilə əl qumbarası atıb.

Polis rəsmisinin verdiyi məlumatda deyilirdi ki, biznesmen çoxsaylı qəlpə yaralarından hadisə yerində ölüb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və şahidlərdən xahiş olunub ki, polislə əlaqə saxlasınlar. Bu məlumat hadisə yerindən çəkilmiş foto və videokadrlarla müşaiyət olunub. Kadrlarda biznesmenin yerə uzadılmış və üstü örtülmüş cəsədi, qumbara atılan avtomobil və hadisə yerində araşdırma aparan əməliyyatçılar əksini tapırdı.

Lakin bu gün məlum olub ki, bütün bunlar əsl tamaşa imiş, özü də killerə ortağının qətlini sifariş verən azərbaycanlı biznesmenin yaxalanması üçün polis tərəfindən qurulmuş tamaşa.

Ukrayna KİV-lərinin məlumatlarına görə bu gün Zaparojye polis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi Sergey Prudçenko keçirdiyi mətbuat konfransında bildirib ki, biznesmenin qətlinin səhnələşdirilməsi əslində onun qətlini sifariş verən şəxsin yaxalanması üçün qurulan əməliyyat tədbirinin bir hissəsi idi. Onun bildirdiyinə görə, həmin avtomobilin sahibi olan azərbaycanlı biznesmenin qətlini çoxdandır Zaparojyedə yaşayan, bizneslə məşğul olan Azərbaycan vətəndaşı sifariş edib. Onların hər ikisi ərzaq mallarının alveri ilə məşğul olub, ancaq günlərin birində biznesmenlərdən biri ortağından yaxa qurtarmaq qərarına gəlib və bu məqsədlə killer tutub.

Cinayətin detalları, o cümlədən killerə ödəniləcək qonorarın məbləği istintaq sirri olduğu üçün açıqlanmayıb. Lakin məlum olub ki, sifarişçi bu işi yerinə yetirəndən sonra killerə daha bir qətl sifariş vermək niyyətində idi. Məlumata görə sifarişçi killerlə 15 min qrivenə anlaşıb. Ancaq bu cinayət planından polis xəbər tutub. Sifarişçini cinayət başında yaxalamaq üçün əməliyyatçılar biznesmenin qətlini səhnələşdiriblər və bununla da killerin sifarişi yerinə yetirdiyini göstərmək istəyiblər.

Həmin “tamaşanın” ertəsi günü, aprelin 24-də killer Zaparojye şəhərinin mərkəzində sifariçi ilə görüşüb və əvvəlcədən danışılan məbləğin qalan yarısını ondan alarkən əməliyyatçılar biznesmeni yaxalayıblar. Ehtimal olunur ki, killer qismində də azərbaycanlı biznesmenin planından əvvəlcədən xəbər tutan polis çıxış edib.


Digər xəbərlər

0.21588015556335