“Ölüm kolbasası” hazırlayan sexin rəhbərliyindən reaksiya gəldi

  Bölmə: Cəmiyyət | 9828 | 10:19 30-04-2016
“Ölüm kolbasası” hazırlayan sexin rəhbərliyindən reaksiya gəldi

“Delikates” firmasının satış müdiri Telman Həsənov: “Bizim sexin çölünə baxıb, içinə qiymət vermək doğru yanaşma deyil”

“Yeni Müsavat”ın 29 aprel 2016-cı il tarixli sayında “Bakıda ölüm hazırlayan" gizli sexlər-şok fotofaktlar" başlıqlı yazı dərc edilib. Yazıda Keşlə qəsəbəsindəki Mikayıl Əliyev küçəsində kiçik bir məkanda fəaliyyət göstərən “Delikates” adlı kolbasa sexindən söhbət gedir.
Yazıda sexin Keşlədəki qum zavodunun yanında fəaliyyət göstərdiyi, heç bir gigiyenik qaydalara riayət olunmadığı qeyd edilib. Həmin yazıdan sitat: “”Delikates" firmasının “Doktorskaya”, “Lyubitelskaya” və sairə növ kolbasa və sosislərinin saxtaları hazırlanır, elə yaxınlıqda yerləşən ara məhəllələrdəki mağazalara da satılır. Sexin cəmi bir havalandırma yeri var. Həmin yerdən üfunət iyli qara tüstü çıxırdı. Paslanmış pəncərə tüstünün təsiri ilə bir az da qaralmışdı. Sex işçiləri əllərində kürəyə oxşar əşya ilə aparatların içindəki “əti” qarışdırır, arabir avadanlıqlara baxırdılar. Sexin içərisindən gələn üfunət qoxusu bir tərəfə qalsın, antisanitar şərait də göz qabağında idi. Köhnə avadanlıqlar, balaca daxma, üstəgəl qum zavodunun həyətində olması və belə şəraitdə kustar üsulla kolbasa hazırlanması cinayətə bərabər əməldir. Əgər “sertifikatımız var” deyən sex rəhbərinə inansaq, bu sənədi verənlər də həmin cinayətə ortaqdırlar..."
 
Yazı dərc edildikdən sonra sexin satış müdiri Telman Həsənov redaksiyamıza gələrək yazılanların əsassız olduğunu bildirdi: “Bizdə standartlar var və kolbasaların qiyməti də o standartlara görə dəyişir. 2-3 manata satılan kolbasa bizim sexdə yoxdur. Kolbasa hazırlanmasında istifadə etdiyimiz ətləri dövlət gətirir, biz əti Bakı şəhər Baş Soyuducu Mərkəzindən kilosu 4 manat 70 qəpiyə alırıq. Bizim sexin hər bir sertifikatı var. Bizim kolbasaların içərisində kardon ola bilməz. Bunu el arasında deyirlər ki, kolbasalara kardon vurulur. Əgər bir kolbasaya kardon vurulsa, bu özünü o dəqiqə göstərər. Kolbasaya nə vurulursa, bunun hamısı gömrük nəzarətindən və Baş Laboratoriya İdarəsindən keçən sənədləşmiş halda olan məmulatlardır. O sənədləri göstərə də bilərəm. Biz kolbasaya vurulan dadlandırıcıları fəaliyyətləri tam qanuni olan insanlardan alırıq. Bu insanlar malı Baş Soyuducu Mərkəzinə gətirib boşaldır. Biz də pulumuzu kassaya keçirib, həmin məmulatları alırıq. Oradan qeyri-qanuni heç nə almaq olmaz. Burada kolbasaya aid nə varsa - istər mal-qoyun əti olsun, istər donuz əti, piyi, istərsə də ədviyyatlar - hamısını sahibkarlar gətirir və gömrükdən keçir. Bizim özümüz də bunları gətiririk. Biz 2-3 aydır ki, fəaliyyət göstəririk. İndi modern soyuducular qurulur. Döşəmə betonlanıb, mənfi temperatur alınıb. Mən belə izah etməklə olmur, gəlib yerində baxan şəxs bunu gözü ilə də görə bilər”.
 
Qəzetdə çəkilmiş şəkillərə aydınlıq gətirən T.Həsənov bu şəkillərin sexin arxa tərəfi olduğunu və gigiyenik qaydalara tam əməl etdiklərini bildirdi: “Qəzetdə gedən şəkillər sexin arxa tərəfi, çölüdür. Buranın gigiyenik qaydasının sexin içərisinə heç bir aidiyyəti yoxdur. Qiyməti sexin içərisinə baxıb vermək lazımdır. Bizə gigiyenik sertifikat da verilib. Sertifikatsız işləmək mümkün deyil. Qanunla fəaliyyət göstərən hər bir sex baytarlıq rəyi olmadan ət almır. Çünki bunun bizim özümüzə ziyanı olar. Sabah kimsə belə hərəkət etsə, onu həbs edərlər və bunun cəriməsinin də altından çıxmaq olmaz.  Kolbasa bişirən avadanlıqlar xarici ölkələrdən gətirilir. Bəzən də bunlar kapital təmirdən çıxan avadanlıqlar olur. Bizim sexdə işlətdiyimiz təzə avadanlıqlardır və sahibkarlardan almışıq. ”Xatman" deyilən alman firmasının məhsullarıdır. Yazıda qeyd edilib ki, sex işçiləri əllərində belə oxşar əşya ilə aparatların içindəki əti qarışdırırdı. Bu, düzgün deyil. 3 min dərəcədə fırlanan bir avadanlığın içərisindəki əti belə oxşar əşya ilə qarışdırmaq olarmı?! Əti texnika özü qarışdırır. Gəlin texnoloji prosesə baxın. Yazıda qeyd olunur ki, sex qum zavodunun həyətindədir. Amma bu, doğru məlumat deyil. Qum zavodu sexin arxa tərəfində yerləşir və hazırda işləmir. Biz sexi açmadan əvvəl müəyyən instansiyalardan gəlib baxıblar. Sabah kimsə kolbasadan zəhərlənsə, biz bunda bir başa məsuliyyət daşıyırıq. Ona görə də bütün bunları özümüz diqqətdə saxlamışıq. Bizim sexin istehsal etdiyi ən ucuz kolbasanın qiyməti 4 manat 70 qəpik, ən bahalısının qiyməti isə 6 manat 80 qəpikdir. Bizim kolbasamızın istehsal prosesinə baxıb laboratoriyaya da verə bilərsiniz. Mən hətta alıcılara deyirəm ki, rus kolbasası alıb yeməyin. Gedin yerli kolbasaları alın. Onlar hamısından yaxşıdır. Özüm də evdə bu kolbasalardan yeyirəm. Mən satışa nəzarət edirəm. Bütün əməkdaşlar əmək müqaviləsi ilə işləyir və normal maaş alırlar. Kolbasa sexinə çöldən baxıb içərisinə qiymət vermək olmaz".

Digər xəbərlər

0.16263294219971