Sumqayıt deyəndə ağıllara gələn 10 şey – FOTO

  Bölmə: Cəmiyyət | 16 | 11:12 11-07-2017

Bakıya yarım saatlıq məsafədə yerləşən, Sovet memarlıq üslubuna sadiq qalan, fabrik və zavodların bağlanması ilə yoxsullaşan, geniş küçələri və alternativ mühiti ilə Sumqayıt ölkənin ən maraqlı şəhərlərindən biridir.

Oxu.az Bizimyol.info-ya istinadən bu gözəl şəhərin adı gələndə ağıllara gələn TOP 10-u təqdim edir :

1. Yuxu Qrupu

Sumqayıtdan çıxaraq Azərbaycan rok musiqinin ən sevilən qrupuna çevirilən “Yuxu” bir dövrə iz qoymuş, hələ də ən sevilən yerli rok qrupudur. Artıq aktiv fəaliyyətini dayandırmış olsa da, Sumqayıtlı rok qrupunun yeri dolmayıb.

2. Kimyaçı Mədəniyyət Mərkəzi

Hətta Bakıda yaşayanlar belə bu mədəniyyət mərkəzini tanıyır. Xüsusilə 90-cı illərdə uşaq olan və Sumqayıta yaxın yerlərdə yaşayanlar ən az bir dəfə Kimyaçıda konsert ya tədbirdə olublar.

3. Yaşıl Bina

Böyük Vətən Müharibəsində əsir düşən alman əsgərlərin Azərbaycan memarlığında qoyduğu izlərdən biri də sarmaşıqla bağlanan binalar idi. 90-cı illərdən başlayaraq ləğv edilən bu tərzdə binaların ən gözəl örnəklərindən biri Sumqayıt İcra Hakimiyyətinin binasıdır.

4. Şəhriyar Məmmədyarov

Sumqayıtda doğulan Şəhriyar Məmmədyarov artıq ən məşhur sumqayıtlılar arasına adını yazıb. Şəhriyar 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçıdır.

5. “20 qəpik” İstəyənlərin Şəhəri

Sumqayıtın adını ən çox “Sumqayıta gedirəm, 20 qəpiyin olmaz?” deyərək pul istəyənlərin ağzından eşitmişik. Bu adamların çox Sumqayıtda yaşamasa belə, çoxdan “Sumqayıt” deyəndə ağıla gələnlər arasına giriblər.

6. Sumqayıt Taksiləri

Şəhərin ən məşhur, ən səsli, ən ucuz və ən təhlükəli taksiləri 20 Yanvar-Sumqayıt yolunda işləyən avtomobillər və onların sürücüləridir. 20 Yanvar metrostansiyasının çıxışındakı taksi sürücüləri sosial şəbəkələrin də əyləncə mövzusudur.

7. Müraciət Forması Olaraq “Yetim”

Bu gün 20 yaşlılar arasında ən çox istifadə olunan müraciət formalarından biri olan “yetim” sözü də dilimizə Sumqayıtdan gəlib.

8. Artıq bir rituala çevrilən “Karvan yanğını”

“Karvan yanır” artıq xəbərlərin əvəzedilməzlərindən olub. Demək olar ki, hər il Sumqayıtın məşhur Karvan Ticarət Mərkəzində yanğın çıxması ilə bağlı xəbər oxuyuruq.

9. Sülh Göyərçini

Memari olaraq hər kəs tərəfindən bəyənilməsə də, Sumqayıt Bulvarında yerləşən Göyərçin heykəli şəhərin simvolu hesab edilir. Bu abidə Azərbaycanın tək-tük sülh simvollarından biridir və bu mənada, xüsusi yerə malikdir.

10. 90-cı İllərin Ruhu

Digər şəhərlər kimi, son illər də böyük dəyişiklik keçirsə də, Sumqayıt az da olsa, 90-cı illərin ruhunu özündə saxlaya bilən yeganə şəhərdir. Bakının keçirdiyi sürətli dəyişikliyinin kölgəsində Sumqayıta “nostalgiya” şəhəri olaraq baxmaq olar.

C.İ.

 


Digər xəbərlər

0.8642590045929