Deputat: Əksər problemlərimiz özümüzə dəyər verməməyimizlə bağlıdır

  Bölmə: Cəmiyyət | 1 | 12:48 14-07-2017

“Dünyanın bütün xəstəxanaları azərbaycanlılarla doludur, pullarımız ora-bura axır, mədə, qaraciyər, ürək-damar problemləri böyük əksəriyyəti girinc edib”.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, cəmiyyətdə sağlamlığını vaxtında qorumaq barədə düşünənlər həddən artıq azdır: “Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və üzgüçülük vərdişlərinə yiyələnirlər. Həqiqətən də, müşahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə tələbat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəs yoxdur. Səbəb yalnız balığın qiyməti deyil, sadəcə, bu məhsulların daha çox faydalı olması və faydalılığa qarşı əks immunitetimizlə bağlıdır. 

Elmdə, sağlamlıqda, təhsildə, dində necə faydalı olana qarşı total mənfi davranış sərgiləyirik, yeməyimizdə də bu hiss olunur. Üzgüçülüyü öyrənmək məsələsində də həqiqət payı var. Bu cür dənizə çıxış imkanı hansı xalqda olsaydı, ondan faydalanardılar, sahilində hər səhər həvəslə idman edərdilər. Doğrudur, təhsil müəssisələrimizdə üzgüçülük hovuzu yoxdur, kasıb əhali üçün, ümumiyyətlə, üzgüçülük hovuzları əlçatan deyil və bu idmana həvəsləndirmə də sıfır vəziyyətindədir. Rusiyada uşağı gəlib məktəbdən yalvarıb aparırlar üzgüçülüyə, ləvazimatlarını da alıb verirlər ki, həvəslənib sağlamlıqlarının qeydinə qalsınlar”.

Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə məqsədyönlü çalışmaların şahidi olmur: “Ən azı dəniz, göl, çay kimi nemətlərimiz var və valideynlər uşaqların üzmək vərdişinə yiyələnməsi üçün vaxt ayırmağa borcludurlar. Dənizdə, göldə, çayda boğulanların statistikasının artması da bununla bağlıdır. Biz vaxtilə pioner düşərgələrinə getdiyimizə görə şanslıyıq, dağ çaylarının qarşısında bir genişlik tapıb suyun qarşısını daşlarla kəsib çimərdik və üzməyi öyrənərdik. Burada həm də bədənin sağlamlığından, boy artımından söhbət gedir. Dəfələrlə demişəm, Bakı şəhərində, digər alababat şəhərlərimizdə boy artımına faydalı olan basketbol meydançaları tapmaq mümkün deyil. Çimərliklərdə nadir hallarda normal futbol, voleybol meydançasına rast gəlirsən, hər şey yalnız qarın üçün düşünülür, sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən, hərə bir qarpızı qoltuğunu vurub gəlir, gedəndə də bir çoxları qabığını öz ədəbsizliyindən xatirə olaraq sahildə qoyub gedir. Dərindən düşünsəniz, görərsiniz ki, bizim əksər problemlərimiz özümüzə dəyər verməməyimizlə bağlıdır”.

E.Ə.


Digər xəbərlər

0.44451808929443