“Qarabağ”ın rəqibinin oyununda azarkeşlər arasında dava

  Bölmə: İdman | 153 | 10:39 07-08-2017

“Qarabağ”ın Çempionlar Liqasının “play-off” mərhələsindəki rəqibi “Kopenhagen”in çempionat görüşündə insident yaşanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qalmaqal Danimarka Superliqasının IV turu çərçivəsində “Brondbü” ilə səfər matçında baş verib.

Belə ki, oyunun son dəqiqələrində qonaq komandanın azarkeşləri aranı qatıblar. Hər şey “Brondbü”nün hesabı açmasından sonra başlayıb. Buraxılan qoldan aqressivləşən “Kopenhagen”in bir qrup fanatı polislərin üzərinə hücum çəkiblər və onlara zərbələr vurmağa başlayıblar. Nəticədə digər asayiş keşikçiləri də azarkeşləri sakitləşdirmək üçün həmin tribunaya tərəf yollanıblar.

Aranın qarışdığını görən hakim Anders Poulsen oyunu dayandırıb. 15 dəqiqəlik fasilə müddətində polislər fanatları sakitləşdirə biliblər. Bundan sonra isə matç yenidən davam edib və əsas vaxta əlavə olunmuş dəqiqələr oynanılıb. Referinin final fiti “Brondbü”nün 1:0 hesablı qələbəsini rəsmiləşdirib.

Məsələ ilə bağlı “Kopenhagen”in icraçı-direktoru Anders Horşolt klubun saytına açıqlama verib: “Fanatlarımızın bu cür davranışı biabırçılıqdır. Onların hərəkətinə heç cür bəraət qazandırmaq olmaz. Polisə hücum çəkmək nə deməkdir? Baş verən insident utancvericidir. Klub olaraq, biz də həmin qalmaqala səbəb olanları cəzalandıracağıq”.

A.M.


Digər xəbərlər

0.50324201583862