Ukrayna kurortlarının birində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub - FOTO

  Bölmə: Cəmiyyət | 45 | 12:09 07-08-2017

Ukraynanın Truskavets kurort şəhərində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub. Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılardan təşkil olunduğu “Lesnaya pesnya” (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a sanatoriyadakı azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, zəhərlənənlərdə qusma, baş və mədə ağrıları, temperaturun yüksəlməsi, halsızlıq müşahidə olunur.

Sanatoriya rəhbərliyindən isə zəhərlənmənin səbəbi ilə bağlı açıqlama verən yoxdur: “Zəhərlənənlərdən biri İntiqam Qocayevdir. Gecə üç dəfə təcili yardım çağırılıb, hər dəfə iynə vurublar. Elə onunla birlikdə dincələn qardaşı da zəhərlənib. Bundan başqa, bir ailənin 4 üzvü zəhərlənib, onların da vəziyyətləri ağırdır. Ümumilikdə, 15-ə yaxın zəhərlənən var.

Azərbaycanlıların çoxu da turizm şirkətləri vasitəsilə gələnlərdir. Heç olmasa, bundan sonra bu hotelə göndəriş verməsinlər”, - deyə mənbə qeyd edir.

“Axşam temperaturum qalxdı, özümü pis hiss edirdim. Sanatoriyanın həkiminə yaxınlaşdım, düşünürdüm ki, yəqin, soyuqdəymədir. Amma həkim dedi ki, zəhərlənmisən. Həm də dedi ki, sən zəhərlənmə ilə bağlı müraciət edən ilk şəxs deyilsən. Mənə iynə vurdular, zəhərlənməyimlə bağlı ərizəyə qol çəkdirdilər. Amma zəhərlənmənin hansı səbəbdən baş verməsilə bağlı heç nə demədilər”, - deyə Elçin Əliyev bildirir.

Sanatoriyada zəhərlənənlərin, demək olar ki, hamısı azərbaycanlılardır. Zəhərlənmənin hansı səbəbdən baş verdiyi bilinmir. Orada istirahət edənlər qidaların köhnə olduğunu bildirirlər. Zəhərlənənlər bunun sudan və ya iki gün öncə verilən balıqdan olduğunu ehtimal edirlər.

Bu, istirahət mərkəzindəki ilk zəhərlənmə halı deyil. Ötən həftə də eyni hal qeydə alınıb.

İ.F.


Digər xəbərlər

0.44001889228821