Beynəlxalq Aeroport yeddi ayda 2 milyondan çox sərnişinə xidmət göstərib

  Bölmə: İqtisadiyyat | 189 | 17:30 07-08-2017

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-avqust ayları ərzində təxminən 2,2 milyon sərnişinə xidmət göstərib. Bu da öncəki illərin göstəricilərindən 30 faiz çoxdur.

Oxu.Az xəbər verir ki, hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 milyon sərnişin düşüb. Bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,6 faizi AZAL, 50,4 faizi xarici aviadaşıyıcılar tərəfindən həyata keçirilib.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.

Cari ilin sentyabr ayından Azərbaycan ilk lou-kosteri “Buta Airways”lə uçuşlar reallaşdırılacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb. 

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb. 


Digər xəbərlər

0.63136601448059