Ağsuda canavar 70 yaşlı kişini parçaladı – YENİLƏNİB + VİDEO

  Bölmə: Cəmiyyət | 162 | 19:06 07-08-2017

Ağsu rayonun Padar kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə canavar soxulub.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Həsrət Qurbanov mal-qaraya hücum çəkən canavarı həyətindən qovub çıxarmaq istəyərkən vəhşi heyvan onu parçalayıb.

Hadisə yerinə gələn kənd sakinləri canavarı öldürüb.

70 yaşlı kişi üz, baş və qollarından ağır xəsarətlər aldığı üçün təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Cərrahiyyə şöbəsinə çatdırılan yaralı dərhal əməliyyat olunub.

Kənd sakinlərinin sözlərinə görə bu hadisədən sonra canavar kəndin örüş sahəsində yenidən mal-qaraya hücum edib.

Padar kəndinin sakinləri bildirir ki, əkin sahələrində qadınlar və uşaqlar da çalışır. İndi canavarların aktivləşməsi onların da həyatı üçün təhlükə yaradır.

Faktla bağlı araşdırma aparılır.

10:22

Ağsu rayonunda canavarlar sakinlərə hücum edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axsam saatlarında rayonun Padar kəndində baş verib.

Yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri - Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Ağsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göyçayda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardımdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Qurbanov dərhal əməliyyat olunub. Xəstəxanadan bildiriblər ki, hazırda xəstənin vəziyyəti orta-ağırdır, lakin o, beş saat əməliyyatda qalıb. Onun baş, üz və qulaq nahiyəsində ciddi xəsarətlər var. Xəstə üçün lazımi tibbi tədbirlər görülüb və ona quduzluğa qarşı peyvənd vurulub.

Kənd sakinlərinə xəsarət yetirən canavarlardan biri sakinlər tərəfindən öldürülüb, rayonun baytarlıq idarəsinin əməkdaşı əraziyə baxış keçirib.

Qeyd edək ki, bu, canavarların həmin kəndə ilk hücumu deyil. Yırtıcılar bundan öncə də kəndə hücum edərək 3 sakinə xəsarət yetirib.

İ.F.

 


Digər xəbərlər

0.8468029499054