TAP kəmərinin 316 km-i çəkilib

  Bölmə: İqtisadiyyat | 18 | 12:21 10-08-2017

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində Yunanıstanda boruların 316 kilometri qaynaq olunub.

Oxu.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində boru kəmərinin operatoru olan “TAP AG” şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib.

“Yunanıstanda TAP kəmərinin marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 133 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”, - deyə U.Andres əlavə edib.

“Şahdəniz” konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), “Snam S.p.A.” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo" (5%) şirkətləri çıxış edir. 

L.Ə.


Digər xəbərlər

0.42137885093689