Daha bir abituriyent pulu olmadığı üçün təhsildən imtina edir

  Bölmə: Cəmiyyət | 18 | 18:15 10-08-2017

Azərbaycanda daha bir abituriyent maddi imkansızlıq səbəbindən universitetdə oxumaqdan imtina etmək istəyir.

Oxu.Az xəbər verir ki, bu barədə BakuPost.az-a abituriyent Suzanna Aidayeva danışıb. 20 yaşlı abituriyent ali məktəbə qəbul imtahanlarına repetitorsuz, evdə hazırlaşaraq 473 bal toplayıb. Lakin Azərbaycan vətəndaşı olmadığından pulsuz təhsil hüququndan məhrumdur.

S. Aidayeva Rusiyanın Nijnevartovsk şəhərində anadan olub. Atası azərbaycanlıdır. Valideynləri boşandıqdan sonra atası onun sənədlərini itirdiyini bildirib və daha sonra ailəsiylə maraqlanmayıb. Sənədləri qaydasında olmadığından Suzanna Azərbaycan vətəndaşlığı ala bilməyib. Anası isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (BMT QAK) qeydiyyatdadır.

"Anamın şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmadığından mən indiyədək doğum haqqında təkrar şəhadətnamə və hər hansı ölkəyə vətəndaşlığımı təsdiq edən sənədlə təmin oluna bilməmişəm. Mən də vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-da qeydiyyatdayam.

Bu il orta məktəbi bitirdim. Maddi vəziyyətimiz imkan vermədiyi üçün evdə hazırlaşdım, universitetə qəbul olmaq üçün BMT QAK-ın himayə sənədi ilə imtahan verdim və 473 bal topladım. Azərbaycan Dillər Universiteti, yaxud da Bakı Slavyan Universitetində təhsil almağı planlaşdırıram.

Lakin vətəndaşlığı olmayan şəxs olduğum üçün mən Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan pulsuz ali təhsil almaq hüququndan istifadə edə bilmirəm. Belə ki, mövcud qanunvericiliyə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər", - deyə S. Aidayeva qeyd edib.

Abiturinet təhsil ala bilmək üçün 2500 manata ehtiyacı olduğunu deyib: "Biz anamla kirayədə yaşayırıq. Anam işləyir, amma təhsil haqqımı ödəyə biləcək durumda deyilik.

Təhsil haqqımı ödəmək üçün maksimum 2500 manat pula ehtiyacım var. Təhsil haqqıma yardım edilməsi məqsədilə bir beynəlxalq təşkilata müraciət etdim. Onlar bundan imtina etdilər".


Digər xəbərlər

0.6657919883728