Klublar razılaşmasa “Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək

  Bölmə: İdman | 36 | 21:15 12-08-2017

“Komanda çempionata tam olaraq hazır deyil. Bu, əslində başa düşülən bir vəziyyətdir. Çünki startda oyun təcrübəsi olmur”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan Premyer Liqasının I turundan “Sumqayıt”ın qonağı olacaq “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Gəncə təmsilçisinin rəsmi saytına danışan 51 yaşlı mütəxəssis bildirib ki, komanda çempionatın gedişində öz oyununu tapacaq: “Dünyanın hər yerində belədir, istənilən komanda başlanğıcda hər şeyə hazır olmur. Yarış gedə-gedə futbolçular forma yığmağa başlayırlar. “Kəpəz”in heyəti 65-70 faiz yenilənib, ona görə də bizim üçün indi çətin dövrdür. Zamana ehtiyacımız var, futbolçuların bir-birini tam anlaması, xətlərarası əlaqənin ideal olması üçün çoxlu matçlar keçirməliyik. Amma bu o demək deyil ki, biz ilk oyunlardan əlimizi yanımıza salıb gözləyəcəyik. Dayanmaq olmaz, layiqli mübarizə aparmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Premyer Liqanın səviyyəsi yüksəlib. Medallar uğrunda mübarizə aparan komandaların sayı artıb. Bu səbəbdən sıradan oyunlar olmayacaq. Həmçinin də sabahkı matç önəmlidir. Başlanğıc həmişə çətin olur. Amma uğurlu start olduqca vacibdir. Komanda bunun məsuliyyətini dərk edir”.

Ş.Diniyev bildirib ki, Gəncə şəhər stadionu təmirdə olduğu üçün “Kəpəz”in ev oyunlarını Tovuzda keçirməsi mümkündür: “Bu gün azarkeşlərə çox ehtiyacımız var. Gəncə şəhər stadionunun meydançasının təmirə bağlanması səbəbindən ev oyunlarımızı oktyabra kimi kənarda keçirməklə bağlı məsələ var. Azarkeşlər bizim “12-ci oyunçu”muzdurlar deyə, onlara ehtiyacımız böyükdür. Klublarla razılaşa bilməsək, ev oyunlarımızı elə fanatlarımıza görə Tovuzda keçirəcəyik. Onları Tovuza dəvət edirəm. Stadionu doldursunlar ki, özümüzü evdə olduğu kimi hiss edə bilək. Elə “Sumqayıt” ilə səfər oyunu üçün də Bakıdakı azarkeşlərimizə müraciət edib, onları dəstəyə çağırıram. Yeni komanda yaratmışıq, uşaqlara dəstək olmaq lazımdır”.

Qeyd edək ki, avqustun 13-də keçiriləcək “Sumqayıt” – “Kəpəz” oyunu saat 21:00-da başlayacaq.

L.Ə.


Digər xəbərlər

0.67966103553772