Roman Qriqorçuk: Çoxlu sayda oyunlar olub ki, fərqlənmək imkanlarımızdan yararlana bilməmişik

  Bölmə: İdman | 27 | 00:15 13-08-2017

"Qələbəyə şadam. Sonluqda istədiyimiz kimi çıxış etmədiyimizi gördüm. Çoxlu sayda oyunlar olub ki, fərqlənmək imkanlarımızdan yararlana bilməmişik. Bu dəfə isə əksinə oldu".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "İnter"i 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Penalti epizodu zamanı Filip Ozobiçlə Cavid Hüseynov arasında dialoq baş verdi. Onlar nəyin mübahisəsini edirdilər?

- Hansı söhbəti etdiklərini eşitmədim. Hər ikisi ştatlı penalti ustalarıdır. Yəqin ki, zərbəni necə vurmağı müzakirə ediblər.

- İlk hissənin sonunda Stiven Jozef-Monrozun hərəkətindən sonra onu Famussa Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız..

- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim?

- Oyun və nəticə gözlədiyiniz kimi oldu?

- Komandamız yenidir. Ona görə təsəvvür eləmək çətindir.

- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?

- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.

- Sizcə, komanda tam komplektləşib?

- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdur.

- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsınız?

- Onlar özü komandanı tərk etmək istədilər. Biz də razılaşdıq.

- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?

- 2:0 hesabı ilə üstün olduğumuz anda təzyiqi daha da artırmalı idik. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidir. Futbolçularım bunu öyrənməlidir.

- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı...

- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odur ki, hamısı sağlamdır. Gələcəkdə hər birinə şans verməyə çalışacağam.

L.Ə.


Digər xəbərlər

0.40863490104675