Azərbaycan diasporunun rəhbəri: Saakaşvilini dəstəkləyirik

  Bölmə: Cəmiyyət | 9 | 16:00 11-09-2017

Gürcüstan Respublikasının eks-prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin geri dönüşü paytaxt Kiyev küçələrində əməlli-başlı canlanma yaradıb. Saakaşvilinin xaricdən Ukraynaya qayıdışı əhali arasında əks-səda doğurub. 

Oxu.Az xəbər verir ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a açıqlamasında Saakaşvilinin qayıdışını belə şərh edib: “Saakaşvili Ukraynaya gələndə onu qarşılayanlar arasında mən də var idim. Hazırda ən vacib məqam Saakaşvilinin Ukraynaya necə gəlməsi və qarşılanması ilə bağlıdır. Təşkilat rəhbəri olaraq mən də Sakaşvilinin tərəfdarıyam. 

Qeyd etməliyəm ki, ölkə prezidenti Pyotr Poroşenkonun partiyasından olan millət vəkilləri də Saakaşvilinin qarşılanma törəninə qatılmışdılar. Hazırda Saakaşvili Ukrayna müxalifətinin liderinə çevrilib. Hətta onun seçkilərdə qalib gəlmək şansı da yüksək qiymətləndirilir. Çünki Mixail Saakaşvilinin dünyada nüfuzu çox yüksəkdir”. 

Diaspor sədrinin sözlərinə görə, Saakaşvilinin Ukraynada nüfuz qazanması erməni lobbiçiliyinin axırına çıxacaq. 

“Əsas odur ki, Saakaşvili hazırda Ukrayna hökumətinin yaratmış olduğu süni maneələri aradan qaldırmaqla məşğuldur. Onun ən ciddi rəqiblərindən biri Ukraynanın indiki daxili işlər naziri Arsen Avakovdur. Avakov Ukraynada azərbaycanlılara qarşı çox aqressiv mövqedə olan nazirlərdəndir. Bilirsiniz ki, Arsen Avakov milliyətcə ermənidir.

Bu baxımdan, Saakaşvilinin Ukraynaya gəlməsi erməni lobbiçiliyinin və özbaşınalığının axırına çıxacaq.  Avakovun komandası Saakaşviliyə güzəştə getmək istəmədi. Onu da deyim ki, Saakaşvili Azərbaycanın yaxın müttəfiqidir”.

E.Ə.


Digər xəbərlər

0.15859293937683