İrəvanda müxalifətin mitinqi dağıdılıb, 50 nəfər saxlanılıb, 60 nəfər yaralanıb - YENİLƏNİB-6

  Bölmə: Dünya | 4239 | 09:38 30-07-2016

 İrəvanda nümayişin dağıdılması zamanı xüsusi vasitələrin tətbiq edilməsi nəticəsində yaralananların sayı artmaqdadır. İlkin məlumatlara görə, paytaxtın 5 tibb müəssisəsinə müxtəlif xəsarətlər almış 60 nəfər müraciət edib.

"icxeber.com" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz "Facebook" səhifəsində yazıb.

Məlumata görə, "Surb Qriqor Lusavoriç" tibb mərkəzinə daxil olan 42 yaralıdan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlardan birinin gözü əməliyyat olunacaq, digəri isə yanıq xəsarətləri alıb.

Həmçinin "Erebuni" tibb mərkəzinə gətirilən 12 nəfərdən birinin vəziyyəti də ağırdır. Bura gətirilən və qarın nahiyəsindən odlu silah yarası alan 5 polisdən biri əməliyyat olunub. Digərlərinin vəziyyəti qənaətbəxşdir.

***02:18

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı dəstə tərəfindən ələ keçirilən İrəvan polis post-patrul xidməti alayının binasının ətrafını nümayişçilərdən təmizləyib.

"icxeber.com" "İnterfax"a istinadən xəbər verir ki, təqribən 50 nəfər, eləcə də, müxalifətdən olan "İrs" partiyasının sədr müavini Armen Martirosyan saxlanılıb.

Ərazi gücləndirilmiş polis dəstələri ilə əhatəyə alınıb.

Polis tərəfindən nümayişin dağıdılması üzrə irimiqyaslı əməliyyat ələ keçirilmiş alay binasının paralel olaraq iki tərəfindən həyata keçirilib.

Nümayişçilərin dağıdılması üzrə əməliyyatlardan birinin həyata keçirildiyi yaşayış məhəlləsində, ilkin məlumatlara görə, bir ev yanıb. Yanğının səbəbləri hələ ki, məlum deyil.

***01:09

İrəvanda müxalifətin nümayişinin dağıdılması zamanı, ilkin məlumatlara görə, 30 nəfər yaralanıb.

"icxeber.com" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz "Facebook" səhifəsində yazıb.

Nazirliyin məlumatına görə, "təcili yardım" xərəklərində "Surb Qriqor Lusavoriç" tibb mərkəzinə 20, "Qeratsi" xəstəxana kompleksinə 1, "Armeniya" tibb mərkəzinə 1, "Erebuni" tibb müəssisəsinə isə 7 yaralı gətirilib.

İyulun 29-da mitinqin dağıdılması zamanı polis əməkdaşları xüsusi vasitələr tətbiq ediblər. Jurnalistlər arasında da xəsarət alanlar var.

***23:28, 29 iyul

İrəvanda nümayişçilərlə polis arasında toqquşma baş verib, xəsarət alanlar var.

"icxeber.com" "news.am"a istinadən xəbər verir ki, ərazidə yanğın başlayıb, nümayişçilər mütəşəkkil şəkildə geri çəkilməyə çalışırlar.

"icxeber.com" Radiosunun Ermənistan bürosunun ("Azatutyun") məlumatına görə, ərazidə çəkiliş aparan əməkdaşları Karlen Aslanyan və Ovannes Movsisyan mülki geyimli şəxslər tərəfindən döyülüblər.

***23:05

"Sasna srer" silahlı qruplaşması tərəfdarlarının bir hissəsinin toplaşdığı İrəvanın Xorenatsi küçəsində nümayişçilər ilə polis arasında toqquşmalar başlayıb.

"icxeber.com" "news.am"a istinadən xəbər verir ki, polis əməkdaşları şifahi xəbərdarlıqdan dərhal sonra hərəkətə keçərək nümayişçilərə tüstü şaşkaları atıblar.

***21:45

İrəvanın "Azadlıq" meydanında iyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" silahlı dəstəsinə dəstək mitinqi start götürüb.

"icxeber.com" "news.am"a istinadən xəbər verir ki, mitinqi müxalifətdən olan "İrs" partiyasının üzvü Armen Martirosyan aparır.

"Biz mübarizənin dərəcəsini zəiflətdik, hakimiyyət bundan istifadə etdi", - deyə o bildirib. Müxalifətçi hakimiyyətə "Sasna srer"ə qarşı rusiyalı snayperlərin işlədiyinə dair yayılan şayiələri təkzib etmək tələbi irəli sürüb.


Digər xəbərlər

0.43789100646973